Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Sənaye xəbərləri

20.02.2014 09:27

İnformasiya və kommunikasiya ilinin gətirdiyi böyük uğurlar

Təbiidir ki, tarixin hər bir inkişaf mərhələsinin özünəməxsus xüsusiyyətləri, hədəfləri və çağırışları var. Hazırda dünyada gedən əsas inkişaf tendensiyaları və trendləri daha çox informasiya kommunikasiya texnologiyaları amilinə söykənir. Azərbaycanın qeyri-neft sektorunda qazandığı uğurlar sırasında da informasiya-kommunikasiya texnologiyaları sahəsindəki yeniliklər məxsusi yer tutur.

Cənab Prezident İlham Əliyev tərəfindən inkişafımızın prioritet istiqaməti elan edilən bu sahə son 20 ildə böyük sürətlə tərəqqi yoluna çıxmışdır. Heç təsadüfi deyil ki, 2013-cü il Azərbaycanda “İnformasiya kommunikasiya texnologiyaları ili” kimi tarixə düşmüşdür. Cənab Prezident İlham Əliyev demişdir: “Bu müstəqillik dövründə, doğrudan da, biz elə böyük uğurlara imza atmışıq ki, hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər. Onların içində peykin buraxılması xüsusi yer tutur. Bu, həm böyük məna daşıyır, həm də bunun böyük rəmzi mənası vardır. Əminəm ki, bu hadisə gələcəkdə müasirliyə, inkişafa doğru atılan addımlarımızı artıracaqdır. Bu hadisəni və ümumiyyətlə, İKT sahəsinə verilən diqqəti və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq mən 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edirəm və hesab edirəm ki, 2013-cü ildə bu sahədə biz daha da böyük nailiyyətlərə çatmalıyıq”.

Artıq 2013-cü il arxada qalmışdır. Bəs “İKT ili”ndə Azərbaycan hansı uğurlara imza atdı?

Ümumiyyətlə, nəzər salsaq görərik ki, informasiya-kommunikasiya texnologiyaları (İKT) son illər sürətlə inkişaf edərək bütün sahələrdə və gündəlik həyatda insan fəaliyyətinin, sosial-iqtisadi münasibətlərin tərkib hissəsinə çevrilmişdir. İKT-nin ən yeni nailiyyətləri idarəetmə, təhsil, səhiyyə, biznes, turizm və bank xidməti kimi sahələrdə tətbiq edilərək, cəmiyyətin hər bir üzvünə mövcud imkanlardan faydalanmağa şərait yaradır.

Cənab Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında sərəncam imzaladıqdan sonra bu istiqamətdə işlər sürətlənməyə başladı. Azərbaycanın strateji əhəmiyyəti olan böyük transmilli layihələrdə iştirakı üçün yeni imkanlar yarandı, digər mühüm layihələrin icrası da davam etdirildi. Təsadüfi deyil ki, 2013-cü ili “İKT sahəsində böyük layihələrin başlanğıc ili” adlandırırlar.

“İKT ili”nin gətirdiyi uğurlardan ən başlıcası ötən il fevralın 7-dən 8-nə keçən gecə Azərbaycanın özünün ilk peykini fəzaya qaldırmasıdır. Kosmik məkana çıxışı olan dövlətlərin sırasında yer tutan Azərbaycan altı ayda birinci süni peykinin fəaliyyətindən təxminən 10 milyon dollar gəlir əldə etmişdir.

“İKT ili” çərçivəsində həyata keçirilən digər mühüm layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu tərəfindən hazırlanıb. Bu layihədə “Azərbaycanda evlərə optika” modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulması nəzərdə tutulur. 2013-cü ildə bu layihəyə 103,6 milyon manat vəsait ayrılmışdır. Yüksək rentabelli bu layihənin üç il müddətində həyata keçirilməsi planlaşdırılır. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, ölkə ərazisini 10-100 mbs. arasında sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını təxminən 85 faizə çatdırmaqdır ki, bu da Azərbaycana 2017-ci ildə inkişaf etmiş ölkələrlə bir səviyyədə olmağa imkan verəcək.

Peykin buraxılması kimi mühüm mərhələnin ardınca, RİTN fevral ayında ölkənin İT şirkətlərinin fəaliyyətinin genişləndirilməsinə və inkişafına yönələn daha bir tədbiri reallaşdırmağa başladı və 2013-cü ildə keçirilən “Bakutel” beynəlxalq sərgisi Azərbaycanın bu sahədəki beynəlxalq imicinə güclü təsir göstərdi.

Son illərdə Azərbaycanın İKT sahəsində nail olduğu inkişaf dinamikası müxtəlif beynəlxalq təşkilatların qiymətləndirmələrində yer alaraq, müsbət tendensiyalarla əks olunur. Bu gün Azərbaycan İKT-nin inkişaf göstəricilərinə görə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son 5-7 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir. Eyni zamanda, son illərdə məqsədyönlü dövlət siyasəti nəticəsində ölkənin İKT sektoru hər üç ildə 2 dəfə artıb və son 8-10 ildə orta illik artım tempi 20-25 faiz təşkil edib. Bu artım tempi ümumdünya inkişaf tempini 2-3 dəfə qabaqlayır. Azərbaycanın İKT sektorunun inkişafına verilən beynəlxalq qiymətə gəlincə, Dünya İqtisadi Forumunun “The Global Information Technology Report 2013” hesabatında Azərbaycan “Şəbəkələşmə hazırlığı indeksi”nə görə (Networked Readiness Index) əvvəlki mövqeyindən 5 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 56-cı yerə yüksəlib.

Hazırda ölkədə hər 100 nəfərə düşən genişzolaqlı internetdən istifadə edənlərin sayı 50-yə bərabərdir. Azərbaycan internet istifadəçilərinin sıxlığına görə MDB ölkələri arasında birinci yerdədir və orta dünya göstəricisini təqribən 2 dəfədən çox qabaqlayır.

Məlumdur ki, Azərbaycanda İKT sahəsində həyata keçirilən ilkin tədbirlərdən biri “Elektron hökumət” layihəsidir. Onun həyata keçirilməsində əsas məqsəd əhaliyə, həmçinin sahibkarlara, biznes sektoruna verilən xidmətləri avtomatlaşdırmaq, eləcə də dövlətin özünün müxtəlif prosedurlarını avtomatlaşdırmaqdır. Hökumətin fəaliyyətinin əhali, biznes sektoru üçün tamamilə şəffaflaşmasında, məmur-vətəndaş münasibətlərinin daha da saflaşmasında, bu münasibətlərdə kənar, neqativ müdaxilələrin aradan qaldırılmasında, həmçinin biznes sektorunun inkişafı üçün xidmətləri elektronlaşdıraraq əngəllərin, bürokratiyanın minimuma endirilməsində və Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizədə “Elektron hökumət” layihəsi əhəmiyyətli rol oynayır.

2013-cü ildə qazanılmış uğurlardan biri də mobil identifikasiya sisteminin istifadəyə verilməsidir. Artıq smartfon və tablet tipli digər mobil qurğulardan “Elektron hökumət” portalına təhlükəsiz girişlərin təmin edilməsi üçün vətəndaşlara mobil ID sertifikatları verilir. “Elektron hökumət” portalına 45 qurum fiziki olaraq qoşulmuş və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 428 elektron xidmətdən 280-i vahid portal (bir pəncərə prinsipi) vasitəsilə əhaliyə təqdim olunur. 270 xidmət Vətəndaşlar üçün Elektron Xidmətlər Portalında, 313 xidmət isə dövlət qulluqçuları üçün Elektron Xidmətlər Portalında yerləşdirilib. “Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə də işlər davam etdirilir.

“İKT ili”ndə bu sahədə kadr hazırlığına da xüsusi diqqət yetirilmişdir. Prezident İlham Əliyevin sərəncamı ilə İnformasiya Texnologiyaları Universitetinin yaradılması və onun 2013-2014-cü tədris ilindən tələbə qəbuluna başlaması da ilin uğurlu yekunlarındandır. Hazırda bu universitet Azərbaycan Diplomatiya Akademiyasının nəzdində fəaliyyət göstərir. Bu, İKT-nin gələcək inkişafı üçün çox mühüm əhəmiyyətə malik olan bir addım idi. Eyni zamanda, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində də İKT ixtisasları üzrə kadr hazırlığının genişləndirilməsi nəzərdə tutulur.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması İKT sahəsində fəaliyyətin stimullaşdırılmasına, innovasiyaların tətbiqinə, habelə tətbiqi elmi-tədqiqat işlərinin genişləndirilməsinə, istehsal yönümlü fəaliyyətin dəstəklənməsinə, bu sahəyə yerli və xarici investisiyaların cəlb olunmasına xidmət edir. Azərbaycan Respublikası Prezidentinin 15 mart 2012-ci il tarixli sərəncamı ilə yaradılan Azərbaycan Respublikası İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (Fond) uzunmüddətli perspektivə hesablanmış siyasətin tərkib hissəsidir. Əsas məqsədi İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarət olan bu qurum 2013-cü ildə öz fəaliyyətini xeyli fomalaşdırmışdır.

Bir məsələni də qeyd etmək istərdik. “İKT ili” çərçivəsində cəmiyyətin İKT-yə tələbatının öyrənilməsi, İKT-nin kütləviləşdirilməsi üzrə tədbirlərin keçirilməsi mühüm vəzifə kimi qarşıya qoyulmuşdu. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu məsələni daim diqqət mərkəzində saxlamışdır.

Ölkə iqtisadiyyatının şaxələndirilməsi, gücləndirilməsi və genişləndirilməsi üçün yaxın illər ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər respublika Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapıb. “İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi” konsepsiyada əsas istiqamətlərdən birini təşkil edir. Burada qoyulan məqsədlərə görə, 2020-ci ilə qədər informasiya cəmiyyətinə keçid təmin edilməli, innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyat qurulmalı, dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlər, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyət genişləndirilməlidir. İKT-nin ölkədə inkişaf etdirilməsi sahəsində qarşıya qoyulan məqsədlərə həmçinin, cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi, rəqabətqabiliyyətli və ixrac yönümlü İKT potensialının gücləndirilməsi, yüksəkixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması da daxildir. Eyni zamanda, ölkə əhalisinin İKT və rabitə xidmətlərindən istifadə imkanları daha da genişləndiriləcək, informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində etibarlı təhlükəsizlik sistemi yaradılacaq, milli standartlar formalaşdırılacaq, ölkə üzrə tam rəqəmli televiziya yayımı tətbiq olunacaq. Eləcə də 2020-ci ilə qədər “elektron hökumət” xidmətlərinin 100 faiz tətbiqi nəzərdə tutulur ki, bununla da əhali hökumət orqanları tərəfindən qısa zaman ərzində göstərilən daha asan, keyfiyyətli xidmətlərlə təmin olunacaq.

Qarşıdakı illərdə Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən inkişaf edəcək. Hətta Azərbaycanın ən ucqar kəndlərində belə vətəndaşların rahat gündəlik həyatı üçün lazım olan bütün kommunikasiya xidmətləri yaradılacaqdır. “İKT ili”ndə bunun üçün güclü stimul yaradılmışdır.

Mehdi MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/09/2019 21/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek