Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

02.12.2014 11:31

Nazir: "Qabaqcıl yeniliklərin nümayiş etdirildiyi “Bakutel”sərgi-konfransı artıq geniş miqyasda özünəməxsus nüfuza malikdir"

“Bakutel-2014” 20-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransının iştirakçılarına

 

Hörmətli sərgi və konfrans iştirakçıları!

 

Sizi Azərbaycanın paytaxtı Bakı şəhərində “Bakutel-2014” XX Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransının açılışı münasibətilə səmimi qəlbdən salamlayır, hər birinizə cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

 

Ölkəmizdə müxtəlif sahələrdə keçirilən ənənəvi tədbirlər sırasında informasiya-kommunikasiya texnologiyaları üzrə qazanılan nailiyyətlərin və dünyada tətbiq olunan qabaqcıl yeniliklərin nümayiş etdirildiyi “Bakutel”sərgi-konfransı artıq geniş miqyasda özünəməxsus nüfuza malikdir. Bu il sərgi və konfransın öz uğurlu fəaliyyətinin 20 illik yubileyini qeyd etməsi bir əlamətdar hadisə kimi onun əhəmiyyətini daha da artırır.

 

Keçən bu müddət ərzində Azərbaycan hökumətinin və şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son 10 ildə düşünülmüş, ardıcıl və məqsədyönlü siyasəti nəticəsində respublikada digər sosial-iqtisadi sahələr kimi, İKT sahəsi də böyük və uğurlu yol keçib. MDB məkanında ilk olaraq ölkəmizdə bütün yaşayış məntəqələri telefonlaşdırılıb, telefon şəbəkəsi tam rəqəmləşdirilib. Ölkədə “3G”, “4G” və digər yeni texnologiyalar tətbiq edilib, internetə ən müasir çıxış imkanları yaradılıb. Bunun nəticəsidir ki, hazırda əhalinin 75%-i internet, onların 55%-i isə genişzolaqlı internet istifadəçisidir. Rəqəmli televiziya yayımına keçid tam başa çatmaq üzrədir və əhalinin təxminən 98%-nin rəqəmli televiziyaya çıxışı təmin olunub.

 

2013-cü ildə Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki “Azerspace-1” orbitə çıxarılıb və Avropa, Yaxın Şərq, Orta Asiya, Afrika ölkələrinə telekommunikasiya, internet, televiziya-radio yayımı və digər rabitə xidmətlərini uğurla göstərməkdədir.

 

Ölkəmiz BMT Baş Assambleyasının qətnamələri ilə dəstəklənən TASİM, EuroCA, həmçinin EPEG kimi nəhəng transmilli İKT layihələrinin təşəbbüskarı və fəal iştirakçısıdır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi ölkəmizin qlobal aləmdə formalaşan informasiya cəmiyyətində öz layiqli yerini tutmaq əzmini nümayiş etdirir.

 

Görülən işlərin nəticəsidir ki, Azərbaycan bu ilin oktyabr ayında Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransı çərçivəsində sahə üzrə bu mötəbər təşkilatın ali idarəedici qurumu olan Şuraya üzv seçilib.

 

Bu gün dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatının innovativ və texnoloji tutumlu iqtisadiyyata transformasiyasını təmin etmək üçün yüksək texnologiyaların potensialına xüsusi əhəmiyyət verilir. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və onun tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının və Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradılması ölkədə rəqabətqabiliyyətli və ixracyönlü yüksək texnologiyalar sektorunun formalaşdırılmasına xidmət edir. İnformasiya texnologiyaları, mikroelektronika, kosmik, nano, bio və digər innovativ texnologiyaların inkişaf etdirilməsi, bu istiqamətdə dövlət, elm, təhsil və biznes arasında tərəfdaşlığın möhkəmləndirilməsi, innovativ sahibkarlığın genişləndirilməsi, rəqabətədavamlı İKT məhsul və xidmətlərinin, elmtutumlu və yüksək texnoloji məhsulların istehsalı və xarici bazarlara çıxarılması biliklərə əsaslanan iqtisadiyyatın qurulmasını təmin etmək üçün əsas vəzifələr olaraq planlaşdırılır.

 

Builki sərgi və konfransın proqramı əvvəlkilərdən daha geniş və zəngindir. Sərgi və konfransın gündəliyinə “Əşyaların interneti”, “Elektron hökumət” üzrə beynəlxalq konfransların və digər tədbirlərin daxil edilməsi İKT üzrə yeni nailiyyət və təşəbbüslərin işgüzar dairələrə çatdırılması, gələcək inkişaf prioritetlərinin müəyyən edilməsi, qarşılıqlı faydalı əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi üçün hərtərəfli imkanlar açır.

 

Eyni zamanda “Bakutel-2014” Beynəlxalq Sərgi və Konfransının baş sponsoru “Intel” şirkətinə, həmtəşkilatçılar olan Beynəlxalq Telekommunikasiya İttifaqına və Dünya İqtisadi Forumuna dərin təşəkkürümü bildirirəm.

 

İnanıram ki, “Bakutel-2014” Beynəlxalq Sərgi-Konfransı müxtəlif ölkələri, təşkilatları təmsil edən nümayəndələri bir araya gətirərək beynəlxalq və regional səviyyələrdə əməkdaşlıq münasibətlərinin gücləndirilməsi baxımından uğurlu olacaq və tezliklə öz səmərəli nəticələrini verəcəkdir.

 

Ən xoş arzularla,

 

Əli ABBASOV

Azərbaycan Respublikasının

rabitə və yüksək texnologiyalar naziri

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  15/09/2019 16/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek