Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

05.02.2015 09:40

Nəzəriyyələri ilə dünya elmini zənginləşdirən alim

Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, görkəmli şəxsiyyət Lütfi Zadənin adı dünya elminin nəhəngləri ilə bir sırada çəkilir. Onun elmi kəşfləri, ideyaları bəşəriyyətin inkişafına, insanların rifahına, rahatlığına yönəlmişdir. Ən məşhur şirkətlər L.Zadənin elmi ideyalarından bəhrələnirlər. Hamımızın yaxşı tanıdığı Yaponiyanın “Hitachi”, “Matsusita”, “Mitsubishi”, “Sharp”, “Nissan”, “Canon”, “Fuji”, “Toshiba”, “Ormon”, “Sanyo”, “Saniy-Trintron”, “Daewoo” “Goldstar” (LC), “Samsung”, “Honda”, eləcə də Amerikanın “General Motors”, “Motorola”, “DuPant”, “Codak” və yüzlərlə ölkənin tanınmış sənaye şirkətləri dahi alimin elmi nəzəriyyələrindən istifadə edərək sıçrayışla inkişaf edir, böyük iqtisadi səmərəyə nail olurlar. L.Zadə vətənini, xalqını çox sevir. “Heç zaman azərbaycanlı olduğumu gizlətməmişəm, əksinə, bununla qürur duymuşam” - deməklə millətinə nə qədər bağlı olduğunu nümayiş etdirib.

2011-ci ilin fevralında Prezident İlham Əliyevin sərəncamı ilə görkəmli alim texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib. Yubileyləri bütün dünyada yüksək səviyyədə bir çox tədbirlərlə qeyd edilib.
Lütfi Ələskərzadə 1921-ci il fevral ayının 4-də Bakıda Asiya küçəsində yerləşən 79 saylı evdə anadan olmuşdur. Atası Rəhim Ələskərzadə Azərbaycan Universitetinin “Şərqşünaslıq” fakültəsində təhsil almışdır. Sonralar o, həm iş adamı, həm də eksport-import mətbuat nümayəndəsi kimi tanınmışdır. Anası Feyga xanım isə 1918-ci ildə Tiflisdə qızlar gimnaziyasını bitirmiş və Bakının ali tibb məktəbində uşaq həkimi ixtisasına yiyələnmişdir.
Lütfi Bakıdakı 16 saylı məktəbə getmiş və ömrünün 4 ili bu təhsil ocağı ilə bağlı olmuşdur. Ötən əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi və iqtisadi vəziyyət gərgin olduğuna görə onların ailəsi 1931-ci ildə İrana köçmək məcburiyyətində qalmışdır. O, burada ingilis təmayüllü məktəbdə oxumuş, sonra Tehran Universitetinin mühəndis-elektrik fakültəsinə daxil olmuşdur. 1942-ci ildə həmin universiteti bitirmiş, iki il sonra isə Amerika Birləşmiş Ştatlarına getmişdir. 1946-cı ildə Massaçuset Texnologiya İnstitutunda təhsilini başa vurmuş, 1949-cu ildə Nyu Yorkdakı Kolumbiya Universitetində doktorluq elmi dərəcəsini almışdır. 1957-ci ildə Kaliforniya Elmi Mərkəzinin sədri olan Norbert Viner L.Zadəyə məktub yazaraq onu Berkli Universitetinə işləməyə dəvət etmişdir. Görkəmli alim 1959-cu ildə ailəsi ilə birlikdə həmin şəhərə köçmüşdür. 1959-cu ildən Kaliforniyadakı Berkli Universitetində çalışır. 1965-ci ildən isə dünyanın bütün aparıcı firmalarında onun nəzəriyyələri tətbiq olunur.
L.Zadə doktorluq dissertasiyasını 1949-cu ildə Kolumbiya Universitetində müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alır. Kolumbiya Universitetində 10 il işləyən Lütfi əvvəlcə 1950-ci ildə professor köməkçisi, 1957-ci ildə isə professor vəzifələrini tutur. L.Zadənin 1950-ci ildə ayrı-ayrı jurnallarda kibernetikanın atası Norbert Vinnerin proqnozlaşdırma nəzəriyyəsini inkişaf etdirən sanballı elmi əsərləri dərc olunur. Onun 1952-ci ildə nəşr etdirdiyi elmi işi isə avtomatik idarəetmə sistemində çevirmə nəzəriyyəsinin əsasını qoyur. Daim qərar qəbul edən elektron idarəetmə avtomatın iş prinsipini 1950-cb ildə “əgər-onda” münasibəti əsasında quraraq təsvir edir. 1954-cü ildə L.Zadə özünün “Sistem nəzəriyyəsi”ni yaradır. Həmin illərdə dünya şöhrətli alim Norbert Vinner nüfuzlu jurnal səhifələrində L.Zadənin elmi məqalələri ilə tanış olur və onu gələcəyin ən böyük alimi kimi görür. Lütfini Berkli Universitetinə işləməyə çağırır. Alim bu universitetdə elektrik mühəndisliyi kafedrasında çalışmağa başlayır. 1963-cü ildən həmin kafedraya başçılıq edir və bundan sonra kafedranın adını dəyişdirərək “Elekrtik mühəndisliyi və kompüter elmləri” adlandırır. Berkli Universiteti və bu kafedra onun bir alim kimi yetişib formalaşmasında və inkişafında böyük rol oynayır.
Berkli Universitetində işlədiyi dövrdə Lütfi Zadənin diqqətini əsasən xətti sistemlər və avtomatlar problemi cəlb edir. Burada o, professor Çarlz Desoer ilə birlikdə xətti sistemlərin təhlili üçün vəziyyətlər fəzası yanaşması probleminin araşdırılması ilə məşğul olur. Beləliklə, “xətti sistemlərin təhlili üçün vəziyyətlər fəzası” adlı müştərək elmi əsəri meydana gəlir. Nəticədə Lütfi Zadə dinamik idarəetmə sistemlərinin əsasını təşkil edən yeni yanaşma metodu təklif edir. Bu metodun mərkəzində alimin vəziyyətlər fəzası nəzəriyyəsi dayanırdı. 1964-cü ildə dünya elmində yeni olan qeyri-səlis çoxluqlar nəzəriyyəsi yaranır. 1965-ci ildə azərbaycanlı alim tərəfindən tamamilə yeni, çox qiymətli qeyri-səlis məntiq nəzəriyyəsi ortaya qoyulur. Bununla da dünya elm tarixində, kompüter sahəsində böyük kəşflər edilir.
Professor Lütfi Zadənin “Zamana görə dəyişən şəbəkələrin tezlik sahəsinin inkişafı” (1949), Ç.R.Raqassini ilə birlikdə yazdığı “Vinerin proqnozlaşdırma nəzəriyyəsinin inkişaf etdirilməsi” (1950), Ç.R.Raqassini ilə birlikdə yazdığı “Z-çevirmə üsulunun yaradılması” (1952), “Qeyri-xətti süzgəclər nəzəriyyəsinin yaradılması” (1953), “Sistemlərin identifikasiya problemlərinin formalaşdırılması” (1956), Ç.A.Desoir ilə birlikdə yazdığı “Xətti sistemlərin təhlili üçün vəziyyət fəzası” (1963), R.E.Belman ilə birlikdə yazdığı “Qeyri-səlislik şəraitində qərar qəbul etmək” (1970), “Linqvistik dəyişən və qeyri-səlis “əgər-onda” qaydalarının konsepsiyası” (1973), “Təbii dilin işlənilməsi üçün mümkünlük nəzəriyyəsi” (1978), “Təxmini mühakimə nəzəriyyəsi” (1979), “Sağlam düşüncəyə əsaslanan mühakimə nəzəriyyəsi” (1985), “Dispozisiya məntiqi” (1988), “Qeyri-səlis qaydalar, qeyri-səlis qraf və qeyri-səlis ehtimal hesabı, soft computing nəzəriyyəsi” (1991), “Sözlə işləyən kompüterlər nəzəriyyəsi” (1996), “Qeyri-səlis informasiya qranulyasiya nəzəriyyəsi” (1997), “Təəssürat nəzəriyyəsi” (1998) əsərləri dünya elminin inkişafında mühüm rol oynayır.
Görkəmli alimin dünya idarəetmə elminə verdiyi ən böyük töhfələrdən biri elmi ədəbiyyatda Z-çevirmə üsulu kimi tanınan (Zadə sözünün baş hərfi) diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin əsasını qoyan elmi nəzəriyyədir. Alimin xidmətlərindən biri də müasir idarəetmə elminin əsasını təşkil edən vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələrinin təklif olunmasıdır. Məşhur tədqiqatçının son dövr təklif etdiyi nəzəriyyə rəqəmlə yox, sözlə işləyən kompüter nəzəriyyəsidir. Bu cür maşınlarda informasiyanın qranulyasiyası kimi rəqəmlər, kodlar deyil, sözlər, cümlələr istifadə olunur. Belə kompüterlərin ən adekvat modeli təxmini məntiqi qərarçıxarma qabiliyyətinə malik olan və təəssürat əsasında informasiyanı işləyə bilən insan beynidir. Alimin hələlik təklif etdiyi son nəzəriyyə təəssürat nəzəriyyəsidir. Qeyri-səlis məntiq qəbul edilmiş qeyri-müəyyən informasiyanın əsasında nəticə çıxarma üsullarını verirsə, təəssürat nəzəriyyəsi ətraf aləm haqqında tez, dolğun və dəqiq ölçmə aparmadan informasiya almaq üsullarını təqdim edir. Bu nəzəriyyənin məqsədi insanda olan oxşar süni təəssürat sistemi yaratmaq prinsipləri və üsulları verməkdir.
Lütfi Zadə dünyanın 25 ölkəsinin nüfuzlu universitetlərinin fəxri doktoru adına layiq görülüb. O, İEEE Educational medalı (1973), İEEE Centennial medalı (1984), Honda mükafatı (1989), Berkeley Citation (1991), İEEE Rişard Hamming medalı (1992), Rufus Oldenburger medalı (1993), İEEE Fəxri medalı (1995), Bolzano medalı (1997), Edvard Feigenbaum medalı (1998), İEEE Milenium medalı (2000), V.Kaufman mükafatı və Qızıl medalı (2004), Egleston medalı (2007), Franklin medalı (2009), “Dostluq” ordeni (Azərbaycan, 2011 ) ilə təltif olunmuşdur.
Məşhur alim 200-dən çox elmi məqalənin tək müəllifi və 70-dən çox elmi jurnalın redaksiya heyətinin üzvüdür. Onun elmi-tədqiqat işi ONR N00014-02-1-0294 Omron Qrant, Tekes Qrant, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qrantı (2008, 2011, 2012), Azərbaycan Universitetinin qrantı və UC Berkeley Universitetində Soft Computinq üzrə təşəbbüs (BİSC) proqramı qrantları vasitəsilə dəstəklənmişdir.
Lütfi Zadənin doğma Bakıya ilk səfəri 1965-ci ildə Qara dənizdə Odessa-Batumi istiqamətində üzən “Admiral Naximov” teploxodunda avtomatik idarəetmə problemlərinə həsr olunmuş beynəlxalq elmi konfransdan sonra olmuşdur.
43 ildən sonra professor Lütfi Zadə “BakuTel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün 2008-ci il noyabrın 8-10-da Bakıya ikinci dəfə səfər etmişdir. Səfər zamanı Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edən dünya şöhrətli alim Prezident İlham Əliyev tərəfindən də qəbul edilmişdir. Lütfi Zadə Bakıya səfərindən və ölkə başçısı ilə görüşündən məmnunluğunu ifadə etmişdir.
2011-ci ildə “Dostluq” ordeni ilə təltif edilən Lütfi Zadə Prezident İlham Əliyevə minnətdarlıq məktubu göndərmişdir. Məktubda deyilir:
“Hörmətli Prezident İlham Əliyev! Mən Azərbaycanda olan sosial-iqtisadi inkişafdan dərindən məmnunam. Sizin apardığınız qara qızılın insan qızılına çevrilməsi doktrinası Sizin rəhbərliyinizin ilkin vaxtlarından çox dəyərlidir və minlərlə vətəndaşa və Azərbaycandan kənarda yaşayan dostlarına da yaxşı mənada təsir edir və Sizin Azərbaycanın gələcəyi ilə uzaqgörən planlarınız məni xoşbəxt və əmin edir ki, gənc və müstəqil Azərbaycan cavan və məşhur siyasi lider tərəfindən güclü əllərdədir. Azərbaycanın dostları bu faktı da bilirlər ki, Azərbaycanın görkəmli, uzaqgörən və güclü Prezidenti var və bu da ölkədə yaşamaq üçün sülh şəraitini yaradır. Son bir neçə il ərzində Sizin əldə etdiyiniz sosial sabitlik və iqtisadi inkişaf Azərbaycanda yaşamaq, oxumaq və işləmək üçün ən gözəl yer olması baxımından güclü platforma yaradıb”.
Professor Lütfi Zadənin 2011-ci ildə təltif edildiyi orden və medallarını xüsusi qeyd etmək çox vacibdir: Soft Computing inkişafı fondu ücün Trust Fondunun medalı, Azərbaycan Respublikası Prezidentinin 4 fevral 2011-ci il sərəncamı ilə “Dostluq” ordeni, Konstruktor və texnoloji elmlər cəmiyyətinin “Sürətlə inkişaf edən elm və texnologiyada ruhlandırıcı görünüş” üçün transdissiplinar təltifi və medalı.
Lütfi Zadənin adı İEEE İntellektual Sistemlər jurnalının AI/Intellektual Sistemlər üçün Şöhrət Zalı (AI/Intelligent Systems Hall of Fame) siyahısına 2011-ci ilin avqust ayından daxil eilmişdir. Görkəmli alimin adı hələ 2006-cı ildə Silikon Vadisi Mühəndislik Şöhrət Zalına və Almaniyada Nixdorf kompüterlər muzeyi siyahısına salınmışdır.
Bu gün 94 yaşını qeyd edən dünya şöhrətli azərbaycanlı professor Lütfi Zadə fundamental elmi nəticələri, nəzəriyyələri, ixtiraları, yenilikləri ilə xoşbəxt insanlardandır. O, şərəfli ziyalı ömrünün bu müdrik çağında da dünya elminə əvəzsiz töhfələr verir.
Böyük alimlə ad günü ərəfəsində söhbət etdik. Professor bəzi suallarımıza cavab verdi:
- Bu il 94 yaşınız tamam olur. Sizi ürəkdən təbrik edirik. İndiki və gələcək fəaliyyətinizdə uzun ömür, cansağlığı və uğurlar arzulayırıq. Bu yaşda özünüzü necə hiss edirsiniz və elmi karyeranızın hələ də fəal olmağını necə idarə edirsiniz?
- Əvvəla, mən fikir və ideyalarımı bölüşmək üçün imkan yaratdığına görə “Azərbaycan” qəzeti redaksiyasına və sizə təşəkkür edirəm. Təbriklərə görə minnətdaram. İndi sizin sualınıza cavab olaraq deyə bilərəm ki, mən uşaqlıqdan həmişə mühəndis və ya alim, araşdırıcı, tədqiqatçı, professor, bu qəbildən olan bir mütəxəssis olmaq istəmişəm. Kolumbiya və Berkeley kimi nüfuzlu universitetlərdə akademik olmaq yalnız uğurdan xəbər verirdi. Mənim təcrübəmdəki nailiyyətlər qazandığım müvəffəqiyyətlərdə çox mühüm rol oynayır. Akademik karyerasına daxil olan zaman bu qədər nailiyyəti gözləmirdim. Yaxşı professor, bir neçə kitabın, məqalələrin müəllifi olmağı təxmin edirdim, amma tanınmış şəxs olmağı ağlıma belə gətirmirdim. Mən qeyri-səlis çoxluqlar anlayışını kəşf edəndə özümü xoşbəxt saydım və bu anlayış mənə, eləcə də bir çoxlarına bu istiqamətdə onun həm nəzəri, həm də praktiki tərəflərini inkişaf etdirmək üçün yeni imkanlar yaratdı. Uca Tanrıya təşəkkür etmək istəyirəm ki, bir çox insanların əldə edə bilmədiyi müvəffəqiyyətlərə, mövqeyə nail olmuşam. Nəzəriyyələrim mən həyatda olmayanda da yaşayacaq. Bu mənim üçün vacib şərtdir.
- İndiyə kimi əldə etdiyiniz nailiyyətlər barədə fikirlərinizi bilmək istərdik. Elə nailiyyətlər varmı ki, siz onları arzulamısınız, lakin əldə etməmisiniz?
- Düşünürəm ki, istədiyim nailiyyətlərin çoxunu əldə etmişəm. Xeyli mükafatlar və medallar almışam. Əldə edə bilmədiyim bir neçəsi var, onlardan yalnız birini qeyd edəcəyəm. Bu, Yaponiyanın Kiyoto mükafatıdır, məbləği 1 milyon dollardır... Mənim Yaponiyada güclü tərəfdarım olub, ölkənin aparıcı siması, Tokio Universitetinin prezidenti və yaxın dostum. Əgər o, vəfat etməsəydi, həmin mükafata da sahib olacaqdım. Əlbəttə ki, bu o qədər də əhəmiyyətli deyil. Sadəcə, həmin mükafatı alsaydım, məmnunluq hissi keçirəcəkdim. Mən ayrı-ayrı vaxtlarda iki əhəmiyyətli mükafatı - Honda və Okavo mükafatlarını qazanmışam. Bir neçə il bundan əvvəl texnologiyanın inkişafı mükafatına da layiq görülmüşəm. Onun dəyəri 500 min dollardır.
- Düşünürəm ki, bu sual bütün alimlər üçün maraqlı olacaq. Hazırda hansı elmi istiqamət və elmi iş üzərində işləyirsiniz?
- Bəli, mən hələ də elmi fəaliyyətimdə aktivliyi qoruyuram. 94 yaşımda hər hansı bir ideya üzərində düşünə, kəşf edə, məqalə yaza bilirəm. Elə indilərdə “Qeyri-səlis məntiq - mənim şəxsi perspektivim” adlı məqaləmi bitirmişəm. 2008-ci ilin dekabr ayında ürək infarktı keçirdim və o vaxta qədər isə ildə 2054 mil Amerika təyyarəsi ilə uçurdum. Xəstəlikdən sonra səfərlərimin sayını azaltdım və Berklidə daha çox vaxt keçirirəm.
Mənim ən mühüm yazılarımdan çoxu məhz 2008-ci ilə təsadüf edir. Bir qədər ironik olsa da, mühüm ideyalarım da 2008-ci ildə yaranıb. İndiki işlərim axırıncı 60 ildə meydana gələn ideyaların inkişafı və davamıdır. Bu ideyalar hadisələrin axarınca daha geniş addımlamağı təkmilləşdirir. Fikirləşirəm ki, bu ideyalar mən həyatda olmayanda da yaşayacaq və insanlar mütləq o qənaətə gələcəklər ki, professor Lütfi Zadə öz ideyalarında haqlı imiş və onlara müəyyən adamların inamsızlığı və qeyri-obyektiv fikirləri əsassız imiş.
- Mən bilirəm ki, siz Azərbaycanın gələcəyi ilə çox maraqlanırsınız. Bu barədə fikirlərinizi bilmək istərdik.
- Mən Azərbaycanı 10 yaşında tərk etmişəm. Lakin doğma yurdum öncə qeyd etdiyim kimi, mənim qəlbimdə, fikrimdə həmişə olub, isti yer tutub. Azərbaycanı neçə illərdən sonra ilk olaraq 1965-ci ildə birgünlük və 2008-ci ildə bir neçə günlük ziyarət etdim. Həmişə vətənimdə baş verən hadisələrdən məlumatlı olmağa çalışıram və əlbəttə ki, Azərbaycanda yaşayan çoxlu dostlarım var və hər zaman bura gələn azərbaycanlılarla görüşürəm, fikir mübadiləsi aparıram. Mən deyərdim ki, başqa ölkələrin gələcəyindən fərqli olaraq Azərbaycanın gələcəyi barədə çox optimistəm. Azərbaycanın bəxti gətirib ki, onun çox uzaqgörən lideri var. Mən Bakıda olan zaman qürurverici hadisələrdən biri o oldu ki, Prezident İlham Əliyevlə görüşdüm, onun biliyi, dünya hadisələrindən anlayışı, Azərbaycanın gələcəyi barədə planları, arzuları mənə çox xoş təəssüratlar bağışladı. Və mən hiss edirəm ki, o, vətənin işıqlı gələcəyi üçün öz məsuliyyətindən də artıq işlər görür. Əlbəttə ki, təbii sərvətlərin, yəni neft və qazın olması buna çox kömək edir. Mən belə başa düşürəm ki, respublikanın neft və qazdan olan gəliri 9 milyonluq xalqa bölüşdürülüb. Başqa ölkələrdən fərqli olaraq Azərbaycan infrastrukturunun yaxşılaşdırılması üçün zəngin resurslara malikdir, hansı ki hər kəsin yaşayışının inkişafına böyük köməkdir. Əvvəldə də söylədiyim kimi, mən Azərbaycanın gələcəyi barədə çox optimistəm, əsasən iki səbəbə görə - idarəçiliyin səviyyəsi və resursların olması. Əgər təkcə resurs varsa, idarəçilik yoxdursa, orada uğur ola bilməz, əgər idarəçilik varsa, resurs yoxdursa, orada da nailiyyət qazanmaq mümkün deyil, ikisi olan halda şanslar çox yaxşıdır.
- Azərbaycanda dövlətin informasiya texnologiyaları sahəsinə ayırdığı diqqəti siz necə qiymətləndirirsiniz?
- Çox məmnunam ki, cənab Prezidentdən sonra Azərbaycanda elm və informasiya texnologiyalarının inkişafına rəhbərliyi nazir, professor Əli Abbasov yerinə yetirir. Bu iş heç də asan deyil, amma bu sahədə qazanılan uğurlar təqdirəlayiqdir. Azərbaycanda elmi mühitdə informasiya texnologiyalarını mühüm istiqamətlərdən biri etmək üçün çoxsaylı təşəbbüs siyahıları qəbul olunmuşdur. İnformasiya texnologiyalarını inkişaf etdirmək naminə Asiya ölkələri, xüsusilə Cənubi Koreya ilə rəqabətə girmək çox ağırdır. Cənubi Koreya mənim üçün çox gözəl nümunədir ki, oradakı alimlər informasiya texnologiyalarını bu qədər yüksək səviyyədə inkişaf etdirə biliblər. “Samsung” Cənubi Koreya Siemensinə nisbətən çox diqqətəlayiqdir. Ötən əsrin 50-ci illərinin sonundan başlayaraq “Samsung” həm peşəkar, həm də həvəskar avadanlıqların istehsalçısı kimi ən aparıcı yerlərdən birini tutur. Bax, bu növlü rəqabətlər mövcuddur. Azərbaycan əhalisi təxminən 10 milyon təşkil edir, mən dəqiq saya əmin deyiləm. Amma 10 milyon əhali ilə olduqca çox əhalisi olan Cənubi Koreya arasında rəqabət aparmaq asan məsələ deyil. Mən hələ Çini demirəm, çünki onunla rəqabət daha çətindir. Ona görə düşünürəm, Azərbaycan üçün gərəkli o olar ki, əməkdaşlıq haqqında razılaşmalar universitetlərlə qurulsun və məncə, Cənubi Koreya bu cür əməkdaşlığa daha maraqlı olar, nəinki Avropa ölkələri. Lazımi investisiyalara malik, lakin çox da baha olmayan istehsal müəssisələrinin Azərbaycanda tikilməsi məsləhətdir. Elə mütəxəssislər var ki, Əli Abbasovun nümunəsində, informasiya texnologiyaları sahəsində əldə edilən uğurları ilə respublikanı bu istiqamətdə regional mərkəzə çevirə bilmişdir. Azərbaycan elmə və texnologiyaya böyük diqqət və hörmətlə yanaşır. Bu da qeyri-neft sektorlarından çox gəlir əldə etməyə kömək edir. Azərbaycanda təkcə informasiya texnologiyaları sahəsində deyil, başqa sahələrdə də güclü irəliləyişlər var. Bu, məni çox sevindirir.
- Azərbaycan alimlərinin
I qurultayı 19 dekabr 2014-cü ildə Bakıda keçirildi. Siz də qurultaya - plenar iclasa öz təbriklərinizi göndərdiniz. Azərbaycan alimlərinə nə arzulayardınız?
- Mən bu qurultaya öz salamlarımı videoçəkiliş vasitəsilə göndərmək imkanına malik olduğuma görə çox şadam. Və təbii, alimlərin qurultaylarının keçirilməsi çox vacib tədbirdir. Azərbaycan rəhbərliyi elmin inkişafına, informasiya texnologiyalarına, təhsilə, mədəniyyətə və s. sahələrə böyük diqqət yetirir. Bunlar da mədəniyyət, intellektual səviyyə və s. üçün çox əhəmiyyətlidir. Beləliklə, mən salamlarımı bütün Azərbaycan alimlərinə yetirməklə onlara daha böyük uğurlar, elmi nailiyyətlər və yeni konfranslar keçirməyi arzulayıram.

Şahnaz ŞAHBAZOVA,
Azərbaycan Texniki Universitetinin dosenti, Lütfi Zadə adına Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=61234

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  22/05/2019 23/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek