Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

26.08.2015 12:31

Bazarda yeni fəaliyyət sahələrini fəth etmək vaxtıdır!

2015-ci ilin sonuna kimi, beynəlxalq sərgi və konfransların təşkilatçıları - “Iteca Caspian” və “Сaspian Event Оrganisers” (“CEO”) şirkətləri 11 beynəlxalq sərgi keçirəcəklər. Bu mövsümün bütün sərgiləri öz məzmunlarına görə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunu əks etdirəcək. Payız sərgi təqviminə Azərbaycan beynəlxalq “Səhiyyə” (“BIHE”), “Stomatologiya” (“Stomatology Azerbaijan”), “Gözəllik və Estetik tibb” (“Beauty Azerbaijan”), “Təhsil” (“Education”), “Karyera” (“Career”), “İnşaat” (“BakuBuild”), “İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri” (“AquaTherm Baku”), “Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri” (“CIPS Caspian”), “Ətraf mühit” (“CTE”) və “Telekommunikasiya və İnformasiya texnologiyaları” (“BakuTel”) sərgiləri daxildir. Keçirildikləri illər ərzində sərgilər Xəzər regionunda lider mövqeyi qazanmış və ixtisaslaşdıqları sahələr üzrə mütəxəssislərin ənənəvi görüş yerinə çevrilmişdir. 15 oktyabr tarixində “Fairmont Baku” otelində təşkil olunacaq “Davamlı inkişaf və korporativ sosial məsuliyyət üzrə 1-ci Azərbaycan konfransı” (“Baku CSR Conference 2015”) ölkə üçün yeni mövzuya toxunacaq. Bu konfrans davamlı inkişaf və korporativ sosial məsuliyyət üzrə yerli və xarici metodların mənimsənilməsinə imkan yaradan unikal məkandır. Debüt konfransın məqsədi ölkənin hazırkı vəziyyətinin kompleks şəkildə qiymətləndirilməsi, eləcə də sözügedən sahənin inkişaf etdirilməsi üçün dövlət, özəl və qeyri-hökumət təşkilatları arasında dialoq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən ibarətdir. “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu konfrans artıq biznes ictimaiyyətinin böyük marağına səbəb olmuşdur. Debüt konfransın 300 nəfərdən artıq nümayəndə və təxminən 30 nəfər spikeri bir araya toplayacağı gözlənilir. “Baku CSR Conference” konfransın baş sponsoru SOCAR, gümüş sponsoru isə “Access Bank”-dır. “EY” şirkəti konfransın konsaltinq-tərəfdaşı qismində çıxış edir.

Payız mövsümündə ilk növbədə “Iteca Caspian” şirkətinin təşkil etdiyi 21-ci Azərbaycan Beynəlxalq “Səhiyyə” (“BIHE - 2015”), 10-cu Yubiley Azərbaycan Beynəlxalq “Stomatologiya” (“Stomatology Azerbaijan - 2015”) və 9-cu Azərbaycan Beynəlxalq “Gözəllik və Estetik tibb” (“Beauty Azerbaijan - 2015”) sərgiləri öz qapılarını ziyarətçilərin üzünə açacaq. Bu sərgilər 18-20 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək. “BIHE” sərgisi artıq 20 ildən çoxdur ki, səhiyyə mütəxəssislərinin ənənəvi görüş yerinə, eləcə də tibbi məhsul və xidmət bazarında əldə edilmiş nailiyyətlərin nümayiş olunduğu məkana çevrilmişdir. Sərgi iştirakçılarının siyahısında artıq 15 ölkəni təmsil edən 100-dən çox şirkət yer alır. Bu il sərgidə Çexiya Respublikası öz milli stendi ilə çıxış edəcək. Sərgidə ilk dəfə olaraq Rusiyanın əczaçılıq şirkətləri Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin dəstəyi ilə birgə stendlə çıxış edəcəklər. Beləliklə, bu il “BIHE” iştirakçılarının təxminən 60%-ni xarici şirkətlər təşkil edəcək. Sərgidə xarici istehsalçılarla yanaşı, dünyanın aparıcı istehsalçılarının tərəfdaşı olan tibbi avadanlıqların nəhəng yerli distribyutorları da iştirak edəcəklər. Yerli distribyutorlar arasında “ARASH Medical”, “Besan”, “Vitta”, “Labservis” və digər şirkətlər yer alır.

Sərgi “Tibbi turizm” sektorunu fəal şəkildə inkişaf etdirir və bu il sözügedən sektor çərçivəsində xaricdə müalicənin təşkili ilə məşğul olan 30-dan artıq klinika və şirkətin iştirakı planlaşdırılır. Bunların arasında Gürcüstan, İsrail, Latviya və Türkiyənin klinika, sanatoriya və müalicə mərkəzləri var. İlk dəfə olaraq, Türkiyənin tibbi turizmlə məşğul olan şirkətləri sərgidə birgə milli stendlə çıxış edəcək. Sərgidə həmçinin xarici klinika, sanatoriya və istirahət evləri ilə yanaşı, insanları müalicə üçün xaricə göndərən turizm şirkətləri də iştirak edəcək. Bu il “Tibbi turizm” sektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən dəstəklənir.

Bu il sərgi öz geniş işgüzar proqramı ilə fərqlənəcək, belə ki, sentyabr ayının 18-də Bakı Ekspo Mərkəzində “Aktual kardiologiya problemləri” mövzusuna həsr olunmuş konfrans keçiriləcək. Konfransın sponsoru Sloveniyanın “KRKA” əczaçılıq şirkətidir. Sentyabr ayının 19-da isə Bakı Ekspo Mərkəzində “Mamalıq, ginekologiya və neonatologiya sahəsində müasir diaqnostika və müalicə metodları” mövzusunda 9-cu elmi-praktiki konfrans təşkil olunacaq. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və “Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək” İctimai Birliyinin dəstəyi ilə keçirilən bu konfransda mütəxəssislər ən yaxşı təcrübələrini öz həmkarları ilə bölüşə biləcəklər. Həmçinin, builki yeniliklərdən biri də tibbi turizm sektoru çərçivəsində “B2B” formatlı korporativ görüşlərin təşkili olacaq.

“Stomatology Azerbaijan 2015” sərgisində ən son stomatoloji avadanlıqlar və birdəfəlik istifadə üçün nəzərdə tutulmuş materiallar, implantologiya və dişlərin ağardılması üzrə ən yeni texnologiyalar və ağız boşluğunun gigiyenası üçün vasitələr təqdim olunacaq. “Beauty Azerbaijan 2015” sərgisində Azərbaycan, Almaniya, Kanada, Çin, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən şirkətlərin iştirakı planlaşdırılır. Ənənəvi olaraq, sərginin bütün ziyarətçilərini yeni şirkətlər, yeni sahələrlə görüş, peşəkarlar və salonlar üçün maraqlı təkliflər gözləyir. Sözügedən sahə üzrə yeni məhsulları təkcə xarici şirkətlər deyil, eləcə də Azərbaycan üçün yeni olan kosmetoloji və ətriyyat məmulatlarını təqdim etmək məqsədi ilə sərgidən platforma kimi  istifadə edən yerli distribyutorlar da təqdim edəcək.

Hər 3 sərginin eyni platformada keçirilməsi təsadüfi deyil. Sərgilərin vahid informasiya və sərgi mühiti kimi unikal formatı praktiki tibb sahəsi üçün nəzərdə tutulmuş innovasiyalı məhsulların təşviq etdirilməsi istiqamətində (keyfiyyət baxımından) yeni imkanlar yaratmaqla yanaşı, tibbi texnika və avadanlıqların, eləcə də dərman vasitələrinin aparıcı istehsalçılarını, habelə estetik tibb sahəsində çalışan peşəkarları, dövlət strukturlarını və işgüzar dairələrin nümayəndələrini özünə cəlb edir.

Daha sonra sərgi mövsümünü “Təhsil” və “Karyera” (9-11 oktyabr), Xəzər İnşaat Həftəsi: “BakuBuild”, “AquaTherm Baku”, “CIPS” (21-24 oktyabr) və “Xəzər: Ətraf mühit üçün texnologiyalar” adlı - ətraf mühit sahəsi üzrə 6-cı Beynəlxalq “Ətraf mühit” (“CTE - 2015”) (18-20 noyabr) sərgiləri davam etdirəcək. Ənənəvi olaraq, sərgi mövsümünü Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları” (“Bakutel 2015”) sərgi və konfransı (2-5 dekabr) yekunlaşdıracaq. Bu sərgi mövsümü bir sıra seminar, təqdimat və konfransların daxil olduğu aktiv işgüzar proqramı ilə fərqlənəcək.

Beləliklə, Azərbaycanın paytaxtı Bakı şəhərini yenidən dolğun ixtisaslaşmış sərgi və konfrans mövsümü gözləyir. Ölkədə sərgilərin keçirilməsi ümumilikdə, xüsusən də dünya iqtisadiyyatında böhranlı dövrün yaşandığı bir vaxtda, ölkə iqtisadiyyatının və ölkənin beynəlxalq bazardakı iştirakının ciddi göstəricisidir. Bütün dünyada böhranlı vəziyyətin mövcud olmasına baxmayaraq, sərgilər bu böhrandan çıxmağın səmərəli yollarından biri olaraq qalır. Böhran informasiyanı ilk əldən almağa, işgüzar əlaqələri şəxsən qurmağa və dəstəkləməyə, aktual təklif və məhsulları müqayisə edərək seçməyə təkan verir. Məhz ticarət-sənaye sərgilərində müvafiq sahənin peşəkarları üçün şirkətlərin qərar qəbul etmək səlahiyyətinə malik olan birinci şəxsləri, etibarlı tərəfdaşlarla görüşmək, biznesdə yeni istiqamətlər tapmaq, eləcə də sənayedə baş verən yeniliklərlə tanış olmaq imkanı yaradır. Bütün sərgilər Azərbaycan Respublikasının dövlət strukturlarının rəsmi dəstəyi ilə keçirilir. Beynəlxalq ittifaqlar və ixtisaslaşmış assosiasiyaların dəstəyi ilə bir sıra layihələr həyata keçiriləcək. Hazırda 2015-ci il payız sərgi mövsümünün sponsorları arasında “Access Bank”, “Eurodesign”, “KRKA”, “NB Group”, “Qazax Sement Zavodu”, “SOCAR” və digər müəssisələr yer alır. 2015-ci ildə keçirilən bütün sərgilərin rəsmi tərəfdaşları “SafeLife” (təhlükəsizlik üzrə rəsmi tərəfdaş), “Jumeirah Bilgah Beach Hotel” və “Qafqaz Point Hotel” otelləri (rəsmi mehmanxanalar), eləcə də “Greenwich Travel Club” (rəsmi turoperator) şirkətləridir. Ziyarətçilərin sərgiyə girişi pulsuzdur. Sərgilər, habelə onların ziyarətçi və iştirakçılara təklif etdikləri xidmətlər barədə daha ətraflı məlumatlarla www.iteca.azwww.ceo.az, veb-saytlarında, eləcə də sərgilərin sosial şəbəkələrdəki rəsmi səhifələrində tanış ola bilərsiniz.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  21/05/2019 22/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek