Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

04.12.2013 15:08

Prezident İlham Əliyev "Euronews"a müsahibə verib

Prezident İlham Əliyevin "Euronews" telekanalına müsahibəsi

 

- Bilirəm ki, Siz informasiya texnologiyaları sektoruna xüsusi diqqət yetirirsiniz. Bu barədə ətraflı danışa bilərsinizmi?

 

- Bəli, bu, hazırda Azərbaycan iqtisadiyyatının inkişafı üçün əsas istiqamətlərdən biridir. Bu sektorun çox böyük perspektivi vardır. Bu, ideyalar yaradan, ölkəmizdə ümumi təhsilin səviyyəsinin yüksəlməsinə təkan verən sektordur, bizim aparıcı beynəlxalq elmi araşdırmalarab qoşulmağımıza kömək edir. Eləcə də, əlbəttə ki, iqtisadiyyatın xüsusəndə qeyri-neft sahəsinin inkişafı üçün informasiya texnologiyaları sektoru böyük əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, bu il ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilib. Bu, əsasən onunla əlaqədardır ki, bu il Azərbaycanın ilk süni peyki buraxılıb. Bu minvalla biz kosmik sənayesi olan ölkəyə çevrildik. Həmin peyk tamamilə Azərbaycan mütəxəssislərinin idarəsinə verilib. Biz bu proqramı daha da genişləndirmək niyyətindəyik. Yaxın vaxtlarda ikinci, üçüncü peyklər də buraxılacaqdır. Bizim ölkəmizi informasiya texnologiyalarının tamamilə əhatə etməsi əhaliyə müasir xidmətlər göstərilməsinə imkanlar yaradacaqdır. Bildiyiniz kimi, ölkəmizdə bu yaxınlarda əhaliyə kütləvi xidmətlər göstərən "ASAN xidmət" fəaliyyətə başlayıb. Bu, əslində Azərbaycanın brendidir. Regionlarda informasiya-kommunikasiya texnologiyaları inkişaf edir. Hazırda biz geniş zolaqlı internetin hər bir kənddə tətbiqi üzərində işləyirik. Bu layihəni dövlət maliyyələşdirəcəkdir. Hazırda bu istiqamətdə xeyli iş görülür. "Bakutel" sərgisinin iştirakçılarının sayı ilbəil artmaqdadır. Yeni tədqiqatlar üzə çıxır. Biz təkcə neft-qaz əməliyyatlarının, humanitar əməkdaşlığın deyil, eləcə də regionumuzda müasir texnologiyaların mərkəzinə çevrilmək istəyirik.

 

- Siz elektron hökumət - "ASAN xidmət"i xatırlatdınız. Sizcə əhalinin hökumət strukturlarına məhz bu cür müraciət etməsi nə qədər vacibdir?

 

- Bu, çox mühüm məsələdir. Bu, bizə korrupsiya ilə mübarizə aparmağa, bürokratizmi aradan qaldırmağa, əhaliyə birbaşa almalı olduğu xidmətləri maneəsiz əldə etməyə kömək edir. Təəssüf ki, bu, həmişə baş tutmur. Buna görə də "ASAN xidmət" özündə bir neçə funksiya daşıyır. Birincisi, müasir xidmətlər göstərilməsi, ikincisi, korrupsiya ilə
mübarizə, şəffaflıq, kadrların hazırlanması. "ASAN xidmət" sistemində artıq yüzlərlə könüllü çalışır. Onların əksəriyyəti gənclərdir. Bu könüllülər özləri gələrək insanlara təmənnasız yardım edirlər. Bu, dövlət ilə vətəndaşlar, dövlət məmurları ilə dövlət təsisatları arasında qarşılıqlı münasibətlərin yeni formasıdır. Təsadüfi deyil ki, "ASAN xidmət" sisteminin həyata keçirilməsindən bir ildən də az vaxt ötsə də, artıq 500 mindən çox vətəndaş bu xidmətə müraciət edib. Heç bir şikayət olmayıb. Hamı razıdır. Bu, həqiqətən müasir Azərbaycanın brendinə çevrilib. Biz ölkəni modernləşdiririk, siyasi sistem də modernləşdirilir. Bu halda biz bütün sahələri modernləşdirməliyik. İnsanlar üçün elə bir şərait yaratmalıyıq ki, onlar razı qalsınlar və arayışların alınmasına hədər yerə vaxt itirməsinlər. Halbuki, indi bu sənədləri bir neçə dəqiqə ərzində əldə edə bilirlər.

 

- Bu sərgi Sizin elan etdiyiniz "İnformasiya-kommunikasiya texnologiyaları ili"nin özünəməxsus aynasıdır. Siz bu sərgi barədə nə düşünürsünüz? Axı, Siz birinci dəfə deyil ki, "BakuTel" sərgisinə baş çəkirsiniz. O, elə bil dəyişib, daha da böyüyüb...

 

- Mən hər il "BakuTel" sərgisində oluram. Əlbəttə, o, ildən-ilə genişlənir, iştirakçıların sayı artır. Məni sevindirən odur ki, həm yerli, həm də xarici şirkətlərin sayı çoxalır. Deməli, biznes artmaqdadır, informasiya texnologiyaları üzrə aparıcı beynəlxalq şirkətlərin Azərbaycana diqqəti də artır. Biz bu işə başlayanda qarşımıza belə bir məqsəd qoymuşduq ki, o, ənənəvi neft sərgisi kimi beynəlxalq nüfuz qazansın. Neft sərgisi bizə neft-qaz yataqlarını inkişaf etdirməyə kömək göstərmişdir. Biz neft-qaz layihəsinə başlayanda Azərbaycanı çox az ölkə tanıyırdı. "BakuTel" də eyni vəzifəni daşıyır. İndi biz bütün dünyada təkcə neft-qaz ehtiyatlarına malik olan ölkə kimi deyil, həmçinin gələcəkdə yüksək səviyyəli elmi potensiala və informasiya-kommunikasıya texnologiyalarının tətbiq olunduğu ölkə kimi tanınacağıq. Əlbəttə, Azərbaycanın bu sahədə dəb qanunvericisi rolunu oynayacağını düşünmək sadəlövhlük olardı. Mən həmişə demişəm ki, biz dəb qanunvericilərinin bir addımlığında olmalıyıq və ən müasir texnologiyaları iqtisadiyyatımıza tətbiq etməliyik. Bu proseslərdə dövlət təminatçı kimi çıxış edir, çünki maliyyənin əksər hissəsini dövlət təmin edir. Fərdi sektor isə dövlətin ardınca, yaxud onunla paralel olaraq addımlayır və bizim yaratdığımız bütün imkanlardan istifadə edir. Biz yüksək templərlə irəli gedirik, müasir dövlət qururuq. Bu gün müasir texnologiyalar olmadan heç bir dövlət normal inkişaf etməyə qadir deyildir.

- Mümkünsə, "TASİM" layihəsi barədə də bir neçə kəlmə deyərdiniz. Çünki bu, böyük, qlobal layihədir, həm Azərbaycan, həm də region üçün vacibdir.

- Bəli, biz bir çox qlobal layihələrdə - kommunikasiya, energetika və nəqliyyat layihələrində iştirak edirik. Bizim coğrafi vəziyyətimiz elədir ki, həm Şimal ilə Cənub, həm də Qərb ilə Şərq arasında təbii kəsişmə nöqtəsiyik. Lakin infrastruktursuz belə coğrafi mövqenin heç bir əhəmiyyəti yoxdur. Deməli, onu səmərəli infrastrukturla gücləndirmək lazımdır. Energetika dəhlizləri bu gün Avropanın və digər qitələrin diqqətini cəlb edir. Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yollarının birləşdirilməsi, həmçinin qitələrarası əhəmiyyət daşıyacaqdır. Bu yol İpək Yolunun bərpasıdır, Çindən Londona qədər gedib çatacaqdır. Kommunikasiya sahəsində də belədir. Elektron xidmətlərlə əlaqədar Azərbaycanda inşa olunan kommunikasiyalar insanları, ölkələri yaxınlaşdırmağa xidmət edir və Azərbaycana uzun illər boyu dividendlər gətirəcəkdir. TASİM layihəsi də bu qəbildəndir. Yəni, bütün bunlar ölkənin ümumi inkişaf konsepsiyasına daxildir. Bizdə olan potensialdan - coğrafi mövqedən, təbii ehtiyatlardan, insan potensialından istifadə etməklə ölkəmiz inkişaf edəcəkdir. Əlbəttə ki, bizə öz məqsədlərimizə çatmaqda kömək edən xarici tərəfdaşlarımızla fəal işləməklə buna nail olacağıq.

- Çox sağ olun, cənab Prezident.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/09/2019 21/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek