Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

04.02.2014 09:13

Lütfi Zadənin doğum günüdür

Dünya çöhrətli alimim 93 yaşı tamam olur.

1921-ci ilin 4 fevralında Bakıda dünyaya göz açan Lütfi Rəhim oğlu Ələsgərzadə ibtidai təhsilini 16 saylı orta məktəbdə bitirir. 1932-ci ildə Ələsgərzadələr ailəsi ata-baba yurdu Cənubi Azərbaycana köçmək məcburiyyətində qalır. Burada orta təhsilini başa vuran Lütfi Zadə Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olur. Bu təhsil ocağını da müvəffəqiyyətlə başa vurduqdan sonra 23 yaşında Amerika Birləşmiş Ştatlarına gəlir və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirir. Onun dünya elminə məlum olan 6 mühüm nəzəriyyəsinin bünövrəsi də elə burada qoyulur.

Kolumbiya Universitetinin aspiranturasına daxil olan Lütfi Zadə 1949-cu ildə dissertasiya müdafiəsindən sonra həmin təhsil müəssisəsinin mühəndislik bölməsində assistent kimi fəaliyyətini davam etdirir. 1959-cu ildən Berkli Universitetində fəaliyyət göstərir, 1963-cü ildən isə "Elektrik mühəndisliyi və kompyuter elmləri" kafedrasına rəhbərlik edir.

Lütfi Zadəyə dünyada şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsidir. Alimin 46 il öncə işləyib hazırladığı sözügedən nəzəriyyə bir çox şirkətlərə böyük nüfuz qazanmaq və yüksək gəlir əldə etmək imkanı yaradır. Çağdaş dövrdə elmi-texniki sahədə dinamik inkişaf və onun bəhrəsi bütün fəaliyyət sahələrində özünü biruzə verir. Bu irəliləyişdə Azərbaycanlı alimin əhəmiyyətli rolunun qeyd edilməsi faktı sevindirici hal olmaqla yanaşı hər birimizdə fərəh hissini oyadır.

Lütfi Zadə eyni zamanda “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompyuter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin müəllifidir.

Onun haqqında “Müasir elmin korifeyi”, “Dünya dahilərsiz yaşaya bilmir” adlı kitablar yazılıb, “Uzaq və yaxın Lütfi Zadə” sənədli filmi çəkilib, Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb.

Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.

O, sonuncu dəfə Bakıya 2008-ci ilin noyabrında “BakuTel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün gəlmişdir. Telekanalların birində səfərlə bağlı təəssüratlarını belə ifadə etmişdir: “Bakıdan gedəndə mənim on yaşım var idi. Axırıncı dəfə uzun illər bundan əvvəl - 1965-ci ildə Bakıda olmuşam. İndi mənə öz hisslərimi ifadə etmək çox çətindir. Yaxın dostlarım arasında olmaqdan, bu səmimi münasibətdən çox məmnun oldum. Azərbaycanda indi baş verənlər məndə müsbət təəssüratlar oyadır. Elmə və mədəniyyətə böyük diqqət yetirilir. Azərbaycan irəliyə gedir və onun parlaq gələcəyi olacaqdır. Mən bu uğurlara görə dostlarıma, Azərbaycan xalqına, dövlət başçısına minnətdarlığımı bildirirəm, buna görə onları təbrik edirəm. Əminliklə bildirmək istəyirəm ki, bizi irəlidə parlaq gələcək gözləyir”.

Səfər çərçivəsində alim AMEA Rəyasət Heyətində təşkil olunan tədbirdə iştirak etmiş, ona elmdə göstərdiyi xidmətlərə görə AMEA-nın fəxri diplomu təqdim olunmuşdur. Qədirbilən xalqımız və dövlətimiz alimin fəaliyyətini yüksək qiymətləndirir, onunla qürur duyur.

Hazırda Yaponiyanın “Mitsubishi“, “Toshiba“, “Sony“, “Canon“, “Sanyo“, “Nissan“, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Qeyd edək ki, L.Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat - “Honda” mükafatı ilə təltif olunub.

Lütfi Zadə hazırda Berkli Universitetinin elektronika kafedrasının müdiridir. O bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Bu dahi şəxsiyyətin həyatının maraqlı məqamlarını bir yazı çərçivəsinə sığışdırmaq qeyri-mümkündür. Bircə onu qeyd etmək kifayətdir ki, professor Lütfi Zadə yaşının bu müdrik çağında da böyük əzmlə çalışır. O, NASA-nın və NATO-nun aparıcı mütəxəssisidir. O, tez-tez dünyanın müxtəlif ölkələrində qeyri-səlis məntiq nəzəriyyəsi ilə əlaqədar keçirilən konfranslara qatılır. Bu konfranslara sədrlik edir, gənc mütəxəssis və alimlərə elmi dəstək verir, onları yeni elmi istiqamətlərə yönəldir. Bununla yanaşı yaşadığı Berkli şəhərində öz adına olan “İnstitute Zadeh-ZİFT” İnformasiya Texnologiyaları İnstitutuna rəhbərlik edir. Məlumat üçün bildirək ki, Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz mövcuddur.

Dünya şöhrətli alim, həmçinin ABŞ Milli Mühəndislik Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının üzvü, fəxri akademiki seçilmişdir.

Lütfi Zadənin digərlərindən fərqləndirən cəhətlərdən biri onun maraqlı insani xüsusiyyətlərə malik olmasıdır. Uşaqlığı haqqında danışarkən o bildirir ki, “Mən ailədə tək uşaq olmuşam və valideynlərim mənim bütün istəklərimi yerinə yetiriblər. Bəzi uşaqlara həddən ziya diqqət mənfi təsir etsə də, valideynlərim məni ərköyün böyütməyib. Özümü dərk edəndən elmlə maraqlanmışam. Olduqca çox mütaliə edirdim, indiyədək “Bakinski raboçi” qəzetini oxumağımı xatırlayıram (o zaman alim ibtidai sinif şagirdi idi). Ümumiyyətlə, Bakıda keçirdiyim 10 il mənə çox böyük təsir göstərib və insan kimi formalaşmağımda müstəsna rol oynayıb. Bilirsiniz, məni heç vaxt pul maraqlandırmayıb, böyük evlər, bahalı maşınlara sahib olmaq arzusunda olmamışam. Əgər bu gün mən hələ də elmlə məşğul oluramsa, bu, Bakıda mənə aşılanan dəyərlərlə bağlıdır”.

Dünya şöhrətli alimi ad günü münasibətilə ürəkdən təbrik edirik, ona can sağlığı, yeni nailiyyətlər arzulayırıq!

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  21/05/2019 22/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek